Malayzia Airlines şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” Antarktidaya istiqamət alıb. “The New Zealand Herald” qəzeti yazır ki, Pekindən Kuala-Lumpura MH370 reysi ilə uçarkən qəzaya uğrayan təyyarənin peyk məlumatlarını təhlil edən ekspertlər bu nəticəyə gəliblər.
Mütəxəssislər marşrutun dəyişməsinə səbəb cinayətkarların olmasını istisna etmirlər. Onların məlumatına əsasən təyyarə radarların ekranlarından itdikdən sonra o daha bir neçə saat uçuşda olub. Təyyarə üç döngə etməyi çatdırıb, nəticədə isə “Boeing” cənuba – Antarktidaya istiqamət alıb.
Ekspert Malholm Brennerin (Malcolm Brenner) fikrincə belə manipulyasiyalar “layneri kiminsə bilərəkdən kursdan çıxarmasına” dəlalət edir.
Cari ilin yanvar ayının sonunda təyyarədə olan bütün sərnişinlər rəsmən həlak olmuş kimi tanındılar. Malayziyanın Mülki Aviasiya Departamentinin rəhbəri Azaruddin Abdul Rəhman (Azharuddin Abdul Rahman) bu qəzanı bədbəxt hadisə adlandırıb. Onun sözlərinə görə, təyyarənin qalıqlarını tapmaq mümkün olmayıb.
Kuala-Lumpurdan Pekinə uçan “Boeing 777” 2014-cü ilin mart ayının 8-də radarlardan itib. Təyyarədə 12 ekipaj üzvü və dünyanın 14 müxtəlif ölkəsindən olan 227 sərnişin olub. Onların əksəriyyəti Malayziya və Çin vətəndaşları idi.
Eləcə də təyyarədə Hindistan, İndoneziya, Avstraliya, Kanada, ABŞ, Fransa, Niderland, Yeni Zelandiya, İrandan olan sərnişinlər var idi. Hələ də nə baş verdiyi haqqında heç bir məlumat yoxdur. Aviaqəzanın Hind okeanının cənub hissəsində baş verdiyi ehtimal edilir.