Mançesterdə sinaqoqa iki nəfərin ölümü ilə nəticələnən hücumu suriyaəsilli Böyük Britaniya vətəndaşı törədib.
Oxu.Az bildirir ki, bu barədə Britaniya polisinin terrorla mübarizə bölməsinin bəyanatında deyilir.
"Hələlik rəsmi eyniləşdirmə aparılmasa da , bugünkü hücumlara görə məsuliyyət daşıyan şəxsin 35 yaşlı Cihad əş-Şami olduğunu təsdiqləyirik O, suriyaəsilli Britaniya vətəndaşıdır", - bəyanatda deyilir.
Mançesterdə sinaqoqa hücum nəticəsində xəsarət alanlardan biri sonradan dünyasını dəyişib.
Oxu.Az bu barədə "Manchester Evening News"la istinadla xəbər verir.
Bildirilib ki, daha bir yaralı çox ağır vəziyyətdədir.
Mançesterdə naməlum şəxs bıçaqla sinaqoqa hücum edib.
Oxu.Az "Sky News"a istinadla xəbər verir ki, insident zamanı dörd nəfər xəsarət alıb, cinayətkar odlu silahla zərərsizləşdirilib.
Mançesterin meri Endi Bernhem bildirib ki, "göründüyünə görə, bilavasitə təhlükə aradan qalxıb". Lakin yerli hakimiyyət insanları hadisənin baş verdiyi Krampsoll dairəsindəki əraziyə getməkdən çəkindirib.
Bildirilib ki, hücum iudaizm üçün ən əhəmiyyətli günlərin birində - yəhudilərin səylə ibadət etdikləri, oruc tutduqları və sinaqoqlara üz tutduqları Yom-Kipur zamanı baş verib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer sinaqoqa hücumla əlaqədar Danimarkanı tərk edərək ölkəsinə qayıdıb.