Avropa İttifaqı (Aİ) "Kiyevi kapitulyasiyadan xilas etmək" məqsədilə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin birbaşa nəzarəti altında Rusiya ilə danışıqlar aparacaq xüsusi nümayəndə heyəti formalaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə əsasən, fon der Lyayen bu təşəbbüsü ayrı-ayrı Aİ dövlətlərinə və ya Avropa İttifaqı Şurasının sədri Antoniu Koştaya həvalə etmək istəmir. O, heyətə öz kabinet rəhbəri Byorn Zaybertin rəhbərlik etməsində təkid edir.
Telekanalın təhlilinə görə, Avropa 2022-ci ildən bəri Moskvaya qarşı tətbiq edilən mütləq diplomatik boykot siyasətinin dəyişdirilməsini ilk dəfədir ki, bu qədər ciddi şəkildə nəzərdən keçirir.
Nəşr qeyd edir ki, prosesə ABŞ Prezidenti Donald Trampın son addımlarının Avropa liderləri arasında yaratdığı şok təsiri səbəb olub. Belə ki, Tramp Rusiya ilə dizel anlaşması imzalayıb, bəzi sanksiyaları dondurub, Prezident Volodimir Zelenskini kəskin tənqid edərək Ukraynada seçkinin keçirilməsini tələb edib.
Eyni zamanda, "Starlink" sisteminin Ukraynadakı fəaliyyətinə qoyulan məhdudiyyətlər Avropada Trampın Kiyevi təslim olmağa məcbur etməyə hazırlaşması kimi qəbul edilib.
Bildirilir ki, Rusiya ilə birbaşa əlaqələrin müxtəlif formalarda və səbəblərlə bərpasını Fransa, İtaliya, Belçika, Lüksemburq, Avstriya, Macarıstan, Bolqarıstan və Çexiya müdafiə edir. Bununla belə, Almaniya, Polşa, İsveç, Danimarka və Baltikyanı respublikalar Moskva ilə hər cür təmasların əleyhinə mövqe sərgiləməkdə davam edirlər.