Moskva şəhərinin Tver rayon məhkəməsi Çerepovsda yaşayan Məmmədovlar ailəsinin Duma deputatı və Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə qarşı qaldırdıqları iddiaya baxışa başlayıb.
Oxu.Az Vest.az-a istinadən xəbər verir ki, Məmmədovların iddiasına görə Dövlət Dumasının plenar iclaslarının birində siyasətçi bütün Azərbaycan xalqını təhqir edib. Məmmədovlar ailəsi Jirinovskidən dəymiş zərər qarşılığında 100 mln rubl (2,2 milyon manat) tələb edir.
Bu ilin mart ayında Dövlət Dumasının iclaslarının birində Rusiya millətləri barədə fikir yürüdərkən: “Azərbaycan sözü nə deməkdir? Mən sizin üçün rus dilinə tərcümə edirəm. “Azər” – “Xəzər dənizi”, “baca” isə diyar deməkdir. Yəni Xəzər dənizinin sahilində yaşayan insanlar, xəzərlilər. Xəzərlilər adında millət varmı? Yəni orada yaşayan insanlar. Biz Volqaboyu dediyimiz kimi. Orda isə marilər, tatarlar, başqırdlar var”, - deyə Vladimir Jirinovski bildirmişdi.
Məmmədovlar ailəsi tələb edir ki, Jirinovski Dövlət Dumasının iclasında dediyi sözləri təkzib etsin. Dumanın özü isə bu işə cavabdeh kimi cəlb edilib.
Sadiq Məmmədovun sözlərinə görə, o, bütün Azərbaycan xalqını təhqir edib, ona görə də ictiamiyyət qarşısında təkzib etməli və mənəvi ziyan ödəməlidir.
Təzminatın məbləğinin necə hesablanmasına dair Məmmədov heç bir rəy bildirməyib.