Ankaranın Etimesgut bələdiyyəsinin sədri Erdal Beşikçioğlu həbs edildikdən sonra vəzifəsindən kənarlaşdırılıb.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi Etimesgut bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan, aralarında Erdal Beşikçioğlunun da olduğu 55 nəfərdən 40-ı həbs edilib, dörd nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Türkiyənin Daxili İşlər Nazirliyi Beşikçioğlu ilə bağlı bəyanat yayaraq onun vəzifəsindən müvəqqəti kənarlaşdırıldığını bildirib:
"Erdal Beşikçioğlu barəsində "cinayət törətmək məqsədilə təşkilat yaratmaq, öhdəliklərin yerinə yetirilməsinə mane olmaq, dövlət qurumları və təşkilatlarının tenderlərinə mane olmaq, məcburiyyət yolu ilə şantaj etmək, mənimsəmə və rüşvətxorluq" ittihamları üzrə aparılan istintaq çərçivəsində Daxili İşlər Nazirliyi tərəfindən ehtiyat tədbiri olaraq onun müvəqqəti şəkildə vəzifəsindən kənarlaşdırılmasına qərar verilib".
Qeyd edək ki, Erdal Beşikçioğlu həm də Türkiyənin tanınmış aktyorlarından biridir.