Tanınmış türkiyəli müğənni Murat Boz və Ayazağada yerləşən "Phoenix" studiyasında köməksiz qalan yüzlərlə əməkdaş təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı müğənni özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Jandarma və Sahil Təhlükəsizliyi qüvvələri təxliyə işlərini həyata keçiriblər və səhər saatlarında onlar xilas ediliblər.
Türkiyənin İstanbul şəhərində hava şəraiti kəskin pisləşib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beykoz, Sarıyer, Eyüpsultan, Arnavutköy, Başakşehir, Sultanqazi və Büyükçekmece rayonlarında 50-95 millimetr yağıntı düşüb.
Tanınmış müğənni Murat Boz da sosial şəbəkədəki paylaşımında Ayazağada yerləşən "Phoenix" studiyasında yüzlərlə əməkdaşla birlikdə köməksiz vəziyyətdə qaldığını bildirib. O, yağış sularının studiyaya da dolmağa başladığını deyərək yanğınsöndürmə xidmətindən və İstanbul valiliyindən yardım istəyib.
Murat Boz canlı yayımda vəziyyətin təcili olduğunu vurğulayaraq deyib:
"Hazırda təcili vəziyyət yarandığı üçün canlı yayım açmağa məcbur oldum. Əməkdaşlarla birlikdə Ayazağada köməksiz vəziyyətdə qalmışıq. Olduğumuz yerdən tərpənə bilmirik. Yol təxminən iki metr suyun altında qalıb, su studiyaya da dolmağa başlayıb. İçəridə yüzlərlə insan köməksiz vəziyyətdədir".