Myanmanın ikinci ən böyük şəhəri olan Mandalayın beynəlxalq hava limanında uçuşlar üsyançıların PUA (pilotsuz uçuş aparatı - dron) hücumundan sonra dayandırılıb.
Oxu.Az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə "Myanma Airways International" aviaşirkəti öz rəsmi "Facebook" səhifəsində məlumat verib.
Məlumata görə, Mandalay Beynəlxalq Hava Limanına (Tada-U) və əks istiqamətdə bütün beynəlxalq uçuşlar müvəqqəti olaraq dayandırılıb. Daxili uçuşlar sonrakı xəbərdarlığa qədər "əməliyyat səbəbləri"nə görə yaxınlıqdakı hava limanına yönləndirilir.
"11 və 12 sentyabr tarixlərində Mandalay şəhərinə uçuşlar ləğv edilib. Səbəb aeroportun bağlanmasıdır", - "Myanma Airways International"ın Banqkok ofisinin nümayəndəsi bildirib.
Həmçinin "Global New Light of Myanma" dövlət qəzeti yazıb ki, təhlükəsizlik qüvvələri demokratiya tərəfdarı olan "Xalq müdafiəsi qüvvələri" silahlı qruplaşmasının hücumunun qarşısını alıb. Silahlılar hava limanına altı FPV dron-kamikadze buraxıblar.
"Hücum bəzi daxili uçuşların həyata keçirilməsində müvəqqəti olaraq problemlər yaradıb. Lakin xəsarət alanlar, təyyarələr və hava limanının uçuş-enmə zolaqlarına zərər dəyməsi barədə məlumat daxil olmayıb", - deyə nəşr bildirib.
Yerli KİV-in yazdığına görə, müqavimət qüvvələrinin hədəfi hava limanında olan hərbi qırıcı təyyarələr olub.
Qeyd edək ki, Myanmada 2021-ci ilin fevralında Aun San Suu Çjinin rəhbərlik etdiyi seçilmiş hökumətin hərbi çevrilişlə devrilməsindən bəri münaqişələr hökm sürür. Bu hadisə ümummilli müqavimət hərəkatına səbəb olub və bu, ordu ilə çoxsaylı silahlı etnik qruplaşmalar, eləcə də demokratiya tərəfdarı qruplar arasında vətəndaş müharibəsinə çevrilib.
Myanmanın hərbi xuntasının keçmiş rəhbəri Min Aun Hlayn apreldə ordu tərəfindən dəstəklənən parlament tərəfindən prezident seçilib və bu da onun beşillik hərbi idarəetmədən sonra hakimiyyətini hüquqi olaraq möhkəmləndirib.