Bazar günü Əfqanıstanda helikopter qəzasında NATO missiyasının beş üzvü həlak olub, daha beş nəfər isə yaralanıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, qəza helikopterin Kabulda NATO missiyasının qərargahı yanında enərkən baş verib.
“Hadisə hal-hazırda araşdırılır, amma biz bunun bədbəxt hadisə olduğunu təsdiq edə bilərik”, - Böyük Britaniya Müdafiə Nazirliyinin press-relizində deyilir.
Ölənlərdən ikisi Böyük Britaniyanın Krallıq hərbi-hava qüvvələrinin tərkibinə daxil idi. Digər xəsarət alanların vətəndaşlığı açıqlanmır. Həlak olan britaniyalıların qohumlarına faciə barədə xəbər verilib – onlar dəfnə qədər adlarının açıqlanmamasını xahiş ediblər, BBC məlumat yayıb.
NATO-nun “Qəti dəstək” missiyasında 42 ölkədən olan 13 mindən çox hərbçi iştirak edir, onların 500-ü Böyük Britaniya vətəndaşıdır. Missiyanın məqsədi əfqan təhlükəsizlik qüvvələrinə “Taliban” terror hərəkatı ilə mübarizə üçün təlimin keçirilməsi və dəstək göstərilməsidir.