NATO müttəfiqləri Türkiyədə terror aktından sonra hadisələri diqqətlə izləyir və ölkə hakimiyyəti ilə həmrəydirlər, bu barədə alyansın baş katibi Yens Stoltenberq Şimali Atlantika İttifaqının növbədənkənar iclası zamanı bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, NATO çərşənbə axşamı Türkiyənin sorğusu ilə səfirlər səviyyəsində iclas keçirir. İclasda Türkiyə ölkədə baş vermiş terror aktlarını müzakirə etmək və müttəfiqlərə atılan addımlar barədə informasiya vermək niyyətindədir.
İclas Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən çağırılıb, bu maddədə NATO müttəfiqlərindən biri ərazi bütövlüyünə, siyasi azadlığına və alyansın üzv ölkələrindən hansısa təhlükəsizliyinə xələl barədə bəyanat verərsə məsləhətləşmə ehtimal edilir.
“Terrorizmə heç bir formada bəraət qazandırıla bilməz. Görüşün bu gün keçirilməsi, Türkiyənin astanasında və NATO sərhədlərində qeyri-sabitliyin müzakirəsi üçün düzgün və zamanındadır. NATO baş verənləri diqqətlə izləyir və müttəfiqimiz Türkiyə ilə həmrəydir”, - Stoltenberq görüş iştirakçılarına bildirib.
Türkiyədə vəziyyət son həftə “İslam Dövləti” tərəfindən Suriya ilə sərhəddə yerləşən Suruç şəhərində törədilmiş terror aktından və cənubi-şərqi əyalətlərdə “Kürdüstan işçi partiyası”nın (KİP) öz üzərinə götürdüyü polislərin qətlindən sonra kəskinləşib.
Türkiyənin silahlı qüvvələri cümə günü Suriyanın şimalında İD və İraqın şimalında KİP-nın mövqelərinə zərbələr endiriblər. Zərbələr Türkiyənin sərhədyanı ərazisindən F-16 qırıcılarından, eləcə də tanklardan və artilleriyadan endirilib. Buna cavab olaraq KİP öz saytında Ankara ilə atəşkəsin “mahiyyətini itirdiyini” bəyan edib.
E.Ə.
www.oxu.az