Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazaxıstanlıların nəyə görə Qərbi Avropada və ya Birləşmiş Ərəb Əmirliklərindəki kimi yaşamadıqlarının səbəbini açıqlayıb.
Onun fikrinə görə, buna səbəb iqlimin fərqli olmasıdır, Oxu.Az “Novosti-Kazaxstan”a istinadən xəbər verir.
“Siz qlobal dünya şəraitində yaşayan ilk nəsilsiniz, ona görə də siz bizim artım və inkişafımızın şərtlərini aydın başa düşməlisiniz. Bəziləri: Biz niyə Qərbi Avropada və ya Ərəb Əmirliklərində, ya da Amerikadakı kimi yaşamırıq? sualını verirlər. Hər şey göründüyü kimi deyil. Bizim sizinlə həyat və iqtisadiyyatımıza təsir edən sadə, konkret faktlar var. Hər şeydən öncə bu, iqlimdir, bu, uzaq məsafədir, dənizə çıxışın olmamasıdır, bu, bizim mədəni irsimizdir. Mahiyyətcə biz çoxsaylı obyektiv şəraitə baxmayaraq hərəkət edirik”, - Nazarbayev “Millətin lideri ilə yeni qələbələrə!” gənclər forumunda bildirib.
“Bizim də can atdığımız Top-30-un zəngin dövlətləri və ya, daha əlverişli iqlim şəraitinə malik olan iqtisadi cəhətdən inkişaf etmiş, “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı” (İƏİT) ölkələrinin daha əlverişli iqlim şəraiti var. Bu, Qərbi Avropa, Avstraliya, ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya, Malayziya, Ərəb Əmirlikləri və digərləridir”, - o deyib.
“Bizdə olduğu kimi onlarda şaxtalı qış olmur. Onlarda hər yerdə dəniz və okeana çıxış var. Bu ölkələr iqtisadi çiçəklənmə, soyuğu sevmir, daha isti, mülayim iqlimi sevir. Bu ölkələr bizimlə müqayisədə enerjiyə 3 dəfə artıq qənaət edirlər. Məsələn, Astanada iki mərtəbəli ev tikmək Malayziyada belə evin tikilməsindən 10 dəfə baha başa gəlir. Bizə iki metr enində qalın divar, isitmə sistemi lazımdır, onlar isə taxta qutulardan evlər tikə bilərlər”, - dövlət başçısı davam edib.
O qeyd edib ki, Almaniyada illik orta temperatur +20, Yaponiyada +16, ABŞ-da +15, Sinqapurda +27, Malayziyada +28-dir. Qazaxıstanın əsas şəhərlərində isə Astana, Akmolin vilayətində, şimalda (Şimali Qazaxıstan vilayəti), Pavladorda və digər şəhərlərdə illik orta temperatur +2,5-dir.
“Bizdə enerjinin sərf edildiyi iqtisadiyyatdır, çünki ətrafda enerji xərcləyən təbiət mövcuddur. Bizim bütün industriyamızı, bütün şəhərlərimizi və rayonları, aulları ilin yeddi ayını isitməli oluruq. Axı hələ üstəlik insanlara isti geyim almaları, yaşayış yerlərini isitmək, kalorili yeməklə qidalanmaları üçün pul da ödəmək lazımdır”, - Nazarbayev vurğulayıb.
“Məsələn, cənubi rayonlardan olan kanadalıları az əhalisi olan şimala işləməyə gedərkən qəhrəman adlandırırlar, əgər bizimlə müqayisə etsək o zaman 17 milyon qəhrəman Qazaxıstanda yaşayır. Biz digərlərindən fərqli olaraq daha çox işlədiyimiz, daha çox çətinliyin öhdəsindən gəldiyimiz üçün bizə hər zaman çətindir, ona görə də yaşamaq daha maraqlıdır”, - Nazarbayev yekunlaşdırıb.