ABŞ-nin Nyu-York məhkəməsi qarşısına çıxarılan Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə ilk məhkəmə iclası başa çatıb.
Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, iş üzrə formal tanışlıq xarakteri daşıyan iclas 30 dəqiqəyə yaxın davam edib.
İclasın yekununda Maduro ittiham aktını görmədiyini və hüquqlarından xəbərsiz olduğunu iddia edib.
Məhkəmə Venesuela konsulluğu rəsmilərinin onunla görüşməsinə icazə verib.
Hakim Maduronun 17 martda növbəti məhkəmə iclasında iştirak etməsini tələb edib.
Maduronun vəkili isə bildirib ki, o, hazırda müvəkkilinin girov əsasında sərbəst buraxılmasını tələb etmir. Lakin bu tələb daha sonra irəli sürüləcək.
ABŞ-də Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə ilkin məhkəmə iclası keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, dövlət başçısı məhkəməyə qandalsız gətirilib. Maduro məhkəmədə ispan dilində danışır və tərcüməçidən istifadə edir.
O, təqsirsiz olduğunu bildirib: "Mən dürüst insanam və hələ də ölkəmin prezidentiyəm", - deyə Maduro qeyd edib.
Onun həyat yoldaşı Siliya Flores də ABŞ tərəfindən irəli sürülən ittihamlarla bağlı özünü təqsirkar bilməyib.
Venesuela Prezidenti Nikolas Maduro və xanımı Siliya Flores artıq Nyu-Yorkda yerləşən federal məhkəmə binasındadırlar.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, onlar məhkəməyə zirehli maşınlarda gətiriliblər.
Bu gün Bakı vaxtı ilə saat 21:00-da (Nyu-York vaxtı ilə 12:00) Venesuela Prezidenti Nikolas Maduro ABŞ-də hakim qarşısına çıxarılacaq. Venesuela liderinin silahlı əsgərlərin müşayiəti ilə məhkəmə binasına nəql edilmək üçün helikopterə mindirilmə anı canlı yayımda əks olunub.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Nyu-York Federal Məhkəməsi Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı dinləmənin 5 yanvarda yerli vaxtla saat 12:00-da keçiriləcəyini təsdiq edib.
Bildirilir ki, iclasa dairə hakimi Elvin K.Hellerşteyn sədrlik edəcək. O, beynəlxalq hüquq pozuntularına dair işlərə ciddi yanaşması ilə tanınır. Hakim Hellerşteyn əvvəllər 11 sentyabr terror hücumları qurbanlarının ailələri tərəfindən Səudiyyə Ərəbistanına qarşı açılmış mühüm işlərə baxıb və bir çox mütəşəkkil cinayət qruplarının üzvlərinə qarşı sərt hökmlər çıxarıb.
Canlı yayım görüntülərində Maduronun standart narıncı həbsxana forması geyindiyi və gücləndirilmiş hərbi konvoy tərəfindən müşayiət olunduğu görünür. Konvoyun tərkibinə xüsusi təyinatlı qüvvələr və zirehli nəqliyyat vasitələri daxildir.
Venesuela prezidentinin axsaması diqqəti cəlb edib. Mənbələrin bildirdiyinə görə, bu axsama 2018-ci ildə baş vermiş sui-qəsd cəhdindən sonra yaranmış zədələrdən qaynaqlanır.
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə gücləndirilmiş polis dəstəsi artıq Nyu-Yorkun izdihamlı küçələrindən keçiblər və bu, əhəmiyyətli ictimai rezonansa səbəb olub. Maduro Bruklindəki müvəqqəti saxlama yerindən Manhetten Federal Məhkəməsinə köçürülüb.
Maduro cütlüyü bir neçə maddə üzrə ciddi ittihamlarla üzləşəcək: narkoterrorizm, ABŞ-yə kokain idxal etmək məqsədilə sui-qəsd təşkil etmək və qanunsuz silah ticarəti. Məhkəmə prosesinin gedişində hakimiyyət illərində (2013-cü ildən bu yana) Venesuelada yaşanan iqtisadi böhran, yeddi milyondan çox insanın ölkədən qaçması və müxalifət liderlərinə qarşı repressiyalar da nəzərdən keçirilə bilər.
Hüquq ekspertlərinin fikrincə, bu məhkəmə prosesi beynəlxalq hüquq və diplomatiya sahəsində presedent yarada bilər, çünki fəaliyyətdə olan dövlət başçısının başqa bir ölkə tərəfindən mühakimə edilməsi nadir hallarda baş verir.