Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges İngiltərə Bankından ölkəsinə məxsus qızıl ehtiyatlarının geri verilməsini tələb edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Nazirlər Şurasının iclasında çıxışı zamanı bildirib.
"Mən İngiltərə Bankından qızılımızın qaytarılması tələbindən geri çəkilməyəcəyəm. Bəhanələr axtarmağa son qoyulmalıdır. Venesuelanın siyasi qüvvələri qızılın ölkəmizə qaytarılmasını tələb edirlər", - deyə o vurğulayıb.
Rodriges Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa qızıl ehtiyatlarının geri alınması istiqamətində fəaliyyətə başlamağı tapşırıb. O, İngiltərə Bankında saxlanılan qızılın Venesuela xalqına məxsus olduğunu və mütləq vətənə gətirilməli olduğunu bəyan edib.
Qeyd olunur ki, İngiltərə Bankının anbarlarında təxmini dəyəri 4.8 milyard dollar olan 31 ton Venesuela qızılı mövcuddur. Qızıl ehtiyatı ilə bağlı mübahisə 2018-2019-cu illərdə - Böyük Britaniya, ABŞ və bir sıra digər dövlətlərin Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımaqdan imtina etdiyi vaxt başlayıb. Ölkədə baş verən daxili siyasi dəyişikliklərə və dövlət başçısı səlahiyyətlərinin Rodrigesə keçməsinə baxmayaraq, Böyük Britaniya ölkənin yeni rəhbərliyini tanımır. Rəsmi London Venesuelaya qarşı tətbiq edilən sanksiya rejimini əsas gətirərək qızıl ehtiyatını qaytarmaqdan imtina edir.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.