ABŞ Venesuelada öz qoşunlarının uzunmüddətli mövcudluğuna hüquqi əsas yarada biləcək razılaşma ilə bağlı danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Venesuela strateji mövqeyə malikdir. Ölkənin Karib dənizinə çıxışı var, Kolumbiya, Braziliya və Qayana ilə həmsərhəd olması isə onu Cənubi Amerikada mümkün əməliyyatlar üçün əlverişli mövqeyə çevirir. Bundan əlavə, ABŞ narkotik qaçaqmalçılığına qarşı mübarizəyə və bu sahəyə nəzarəti gücləndirməyə çalışır.
ABŞ Dövlət Departamentinin rəhbərlik etdiyi danışıqların məqsədi qüvvələrin statusu haqqında saziş (SOFA) imzalamaqdır. Belə bir sənəd ABŞ hərbçilərinin Venesuelada qarşılıqlı razılaşdırılmış fəaliyyətlər - hərbi gəmilərin səfərləri, təlimlər, hərbi təlim-məşqlər və humanitar yardım əməliyyatları həyata keçirməsi üçün hüquqi çərçivə yaradacaq. Ölkədə yerləşdiriləcək hərbçilərin sayı və onların harada fəaliyyət göstərəcəyi isə gələcək razılaşmalarda müəyyənləşdirilə bilər. Bununla belə, ABŞ rəsmisi ölkədə hərbi bazaların yaradılması ilə bağlı müzakirələrin hələ gündəmdə olmadığını bildirib.
Xatırladaq ki, ABŞ hərbçiləri yanvarın 3-də keçirdikləri əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresini saxlayaraq Nyu-Yorka aparıblar. ABŞ-də onlara narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb. Cütlüyün məhkəməsi 2027-ci il iyunun 1-də başlayacaq. Hər ikisi irəli sürülən ittihamları qəbul etmir.
Maduronun saxlanılmasından sonra Venesuelanın vitse-prezidenti Delsi Rodriqes müvəqqəti prezident kimi and içib.
Bundan əlavə, Maduro və həyat yoldaşına qarşı ABŞ-də yeni ittihamların irəli sürülə biləcəyi barədə məlumat yayılıb. Onların Venesuelada saxlanılan ABŞ vətəndaşlarına işgəncə verilməsi ilə bağlı iddialarda da adlarının hallandığı bildirilib.
Venesuelanın yeni administrasiyası ABŞ dövlət katibi Marko Rubio ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirsə də, bu prosesin müəyyən risklərlə müşayiət olunduğu bildirilir. Ekspertlərin qiymətləndirməsinə görə, Venesuela əhalisinin 10-20 faizi, o cümlədən ordunun bir hissəsi çavizm ideologiyasına sadiqdir. Bu qüvvələr ABŞ hərbçilərinin ölkədə mövcudluğunu "Qərb müstəmləkəçiliyi" kimi qəbul edə bilərlər.
Bundan başqa, Trampın Venesuelanı "fəth etmək" və ölkənin neft yataqlarına nəzarətlə bağlı açıqlamaları əhali arasında narazılığı artıra bilər. Keçmiş rəsmilər isə ölkənin infrastrukturunun bərpası ilə bağlı çətinliklərə və hərbi qurumlar arasında əməkdaşlıq əlaqələrinin zəifliyinə diqqət çəkirlər.