Bu gün Ermənistanda baş verənlər Nikol Paşinyanın gələcək seçkilər üçün siyasi gedişidir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı siyasi analitik Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Paşinyanın Serj Sarkisyanı və onun komandasını korrupsiyada ittiham etməsi iki prinsipə əsaslanır. Birincisi, bu, onun baş nazir təyin edilməmişdən əvvəl mitinq iştirakçılarına verdiyi vədlərdir, ikincisi isə, o, Respublika partiyasının zəifləməsinə çalışır.
“Burada bir fakt maraqlıdır ki, Ermənistan parlamenti ölkənin müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın qanunsuz silah saxlama və özgəsinin əmlakını mənimsəmə maddəsi ilə həbsinə icazə verdi.
Demək olar ki, Paşinyan güclü düşməni və Sarkisyanın ən yaxın tərəfdaşını zərərsizləşdirdi.
Bundan sonra, Paşinyan Manvel Qriqoryanın həyat yoldaşı və oğlunu həbs etdirdi.
Sarkisyanın qardaşına və sabiq prezident Koçaryana qarşı ittihamlar Qarabağ klanının məhv edilməsi üçün atılan addımların davamıdır”, - ekspert qeyd edib.
A.Nağıyev əlavə edib ki, Paşinyan bu məsələdə özü və ya yaxın ətrafı tərəfindən idarə olunan media resurslarından istifadə edib.
Bununla yanaşı, ekspert bildirib ki, Qarabağ məsələsində məsuliyyəti yeni baş nazir Sarkisyana və onun komandasına, eləcə də Boko Saakyanın üzərinə atır.
Sarkisyanın Dağlıq Qarabağ danışıqlarında iştirakı informasiyası da təsadüfi deyil.
Bu gün Paşinyanın əsas tapşırığı seçkilərdə qələbə qazanmaqdır”, - A.Nağıyev qeyd edib.
Əli Məmmədov
www.oxu.az