Norveçin şimal bölgəsindəki Andöya adasında fəaliyyət göstərən ictimai tualet yerli aviabazaya açılan mənzərəsinə görə "casusluq narahatlığı" səbəbindən bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Norveçin "Dagbladet" nəşri məlumat yayıb.
Məlumata görə, Bukkeşerk istirahət zonasında yerləşən bu obyekt Norveçin ən gözəl mənzərəli tualetlərindən biri hesab olunur. Binanın tikintisinə təxminən 2.17 milyon dollar xərclənib. Tikilinin xarici divarları güzgülərlə örtülüb, daxilindən isə ətrafa panoramik baxış imkanı yaradılıb.
Obyektin fəaliyyətinin dayandırılması qərarının kim tərəfindən qəbul edildiyi bilinməsə də, bunun "siyasi təhlükəsizlik" səbəbindən baş verdiyi ehtimal olunur.
Hazırda bu addım qabaqlayıcı tədbir kimi qiymətləndirilir və gələcəkdə lazımi yoxlamalar aparıldıqdan sonra qərara yenidən baxıla bilər.
Nəşr əlavə edib ki, məsələ ilə bağlı Norveç Silahlı Qüvvələri də daxil olmaqla aidiyyəti qurumlarla məsləhətləşmələr keçiriləcək.