Norveçin Drammen bölgəsində baş verən güclü yanğın yaşayış ərazisinə yayılaraq 100-dən artıq evin yanmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NRK telekanalı yayımlayıb.
İyulun 17-də başlayan irimiqyaslı təbii fəlakət şənbə günü səhər saatlarında da davam edib və yanğınsöndürənlər alovu hələ nəzarət altına ala bilməyiblər.
Drammen Yanğınsöndürmə Xidmətindən bildirilib ki, yanğını hələ də tam nəzarət altına almaq mümkün olmayıb. Meşənin dərinliklərində bir neçə fərqli istiqamətdə yanğın ocaqlarının mövcud olduğu və şənbə günü ərzində onlarla mübarizənin davam etdiriləcəyi barədə məlumat verilib.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, indiyədək 100-dən çox tikili tamamilə yanıb, yüzlərlə sakin isə təhlükəsiz ərazilərə köçürülüb.
Məlumata görə, tüstüdən zəhərlənən iki nəfər tibb müəssisəsinə yerləşdirilib ki, onlardan da biri mülki müdafiə xidmətinin işçisidir.
Həmçinin alovla mübarizə aparan bir xilasedici yüngül bədən xəsarətləri alıb, səkkiz polis nəfəri isə tüstüdən zəhərlənib.