Nyu-Yorkda xırda pilotsuz uçan aparat (PUA) “Empayr Steyt Bildinq” göydələni ilə toqquşub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Uçan aparat binaya 40-cı mərtəbə hündürlükdə dəyib, sonra da 35-ci mərtəbə səviyyəsində olan meydançalardan birinə düşüb.
Yerli polisin məlumatına görə, PUA-nı idarə edən 29 yaşlı Nyu-Cersi sakini həbs edilib. Onun aparatla bir neçə şəkil çəkmək istədiyi, ancaq nəzarəti əldən buraxdığı ehtimal olunur.
Nyu-Yorkda xırda dronlardan istifadə qadağan deyil. Saxlanılan şəxs PUA idarə edərkən idarəetməni itirərək ətraf mühiti təhlükə altında saxlamaqda ittiham olunur. Buna görə ona 7 ilədək həbs cəzası verilə bilər.
“Empayr Steyt Bildinq” Manhettendə yerləşən 103 mərtəbəli göydələndir.