İslamabad Vaşinqton və Tehran arasında imzalanacaq gələcək razılaşmada Pekinin zəmanətçi qismində çıxış etməsində israrlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ və İran arasındakı danışıqlar prosesində əsas vasitəçi olan Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir hazırda Pekindədir. O, şənbə günü Çinə dördgünlük rəsmi səfərə başlayan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdədir. Həmçinin təsdiqlənib ki, Munir ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə keçirilən görüşdə onu müşayiət edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.