Göyərtəsində beş ekipaj üzvü olan yük təyyarəsi Pakistan sahilləri yaxınlığında Ərəbistan dənizi üzərində radarlardan itib.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Söhbət yerli "K2 Airway" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsindən gedir. Hava gəmisi Birləmiş Ərəb Əmirliklərinin Şarca şəhərindən Karaçiyə uçuş həyata keçirirdi.
Qeyd olunub ki, yerli vaxtla saat 21:18-də (Bakı vaxtı ilə 20:18 - red.) dispetçerlər naviqasiya avadanlığında nasazlıq qeydə alıblar. Üç dəqiqə sonra təyyarə sürətlə hündürlük itirməyə başlayıb və qəfil marşrutunu dəyişib. Bundan sonra radioəlaqə kəsilib və təyyarənin radar siqnalı itib.
İlkin ehtimala görə, hadisə təyinat limanından təxminən 287 kilometr qərbdə baş verib.
Hazırda səlahiyyətli qurumlar dəniz akvatoriyasında axtarış-xilasetmə əməliyyatı aparırlar. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Digər təfərrüatlar açıqlanmır.