Pakistan İslam Respublikasının təhlükəsizlik qüvvələri son üç gün ərzində ölkənin şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində 27 silahlı şəxsi məhv ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb. Şimali Vəziristan dairəsində ölkədə qadağan olunmuş "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınan) qruplaşmasına qarşı bir sıra antiterror əməliyyatları həyata keçirilib. Zərərsizləşdirilən terrorçuların hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki vətəndaşlara qarşı hücumlarda iştirak etdikləri bildirilir.
Onlardan silah və sursat müsadirə olunub. ISPR-in məlumatına əsasən, 2025-ci ildə Pakistanın təhlükəsizlik orqanları tərəfindən ümumilikdə 2 597 terrorçu zərərsizləşdirilib. Qeyd olunan müddət ərzində Pakistanda 5 397 terror aktı qeydə alınıb və bu hücumlar nəticəsində 1 235 nəfər həyatını itirib. Terror aktlarının 70%-dən çoxu şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində, təxminən 29%-i isə ölkənin cənub-qərbindəki Bəlucistan bölgəsində baş verib. Hər iki bölgə Əfqanıstanla uzun sərhəd xəttinə malikdir və Pakistan hökumətinin məlumatına görə, terrorçuların düşərgələri məhz orada yerləşir.