Əfqanıstanın Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ölkənin qərb hissəsindəki eyniadlı vilayətin mərkəzi Herat şəhərində BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) iki əməkdaşını saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Afghanistan International" xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Talibanın kəşfiyyat orqanları BMT nümayəndələrini həmin bölgədə qadınların kütləvi həbsi barədə hesabat tərtib etdikdən dərhal sonra saxlayıblar.
Bildirilir ki, hadisə avqustun 9-da axşam vaxtı qeydə alınıb. Həbs edilən işçilər son günlər Heratda qadınların saxlanılması ilə əlaqədar sənəd hazırlayıb və zərərçəkən bir neçə qızla müsahibə apara biliblər.
"Afghanistan International" nəşri əməkdaşların həbsi məsələsinə münasibət öyrənmək üçün BMT missiyasına rəsmi sorğu ünvanlayıb.
Qeyd edək ki, Heratdakı kütləvi etirazlar Əxlaqın Təbliği və Qüsurların Qarşısının Alınması Nazirliyinin qadınlar üçün yeni qadağalar siyahısını açıqlamasından sonra baş qaldırıb.
Yeni tələblərə əsasən, kosmetikadan istifadə qadağan edilir, eyni zamanda üz maskası və corab geyinmək məcburi xarakter daşıyır. Bu qadağalara əməl etməyən şəxsləri həbs gözləyir.
Bu qərarlardan sonra sosial platformalarda etiraz aksiyalarına çağırışlar edilib və iyunun 9-da onlarla kişi Heratda nümayişə çıxıb. Lakin etirazçılar atəşə tutularaq ərazidən uzaqlaşdırılıb.
Mənbələrin məlumatına əsasən, hadisə nəticəsində 20-dən çox şəxs yaralanıb, iki nəfər isə ölüb. Buna baxmayaraq, polis orqanları silahdan istifadə olunduğunu inkar edib. Bununla yanaşı, BMT-nin Əfqanıstana Yardım Missiyası tətbiq edilən yeni qadağaları pozduğu iddia edilən ən azı 30 qadının saxlanıldığını təsdiqləyib.