"Taliban" hərəkatının üç nümayəndəsi əfqan vətəndaşlarının vətənlərinə deportasiyasına yardım göstərmək məqsədilə qeyri-rəsmi olaraq Almaniyaya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə NDR məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti avqustun 26-da Almaniyaya gəlib. Kabili tərk etməzdən əvvəl "Taliban" nümayəndələri Qətərdə dayanıb. Orada Almaniyanın nümayəndəliyində onlara 30 gün müddətinə etibarlı Almaniya vizaları verilib. Hazırda qrup Berlindəki Əfqanıstan səfirliyindədir.
Gələn həftə nümayəndə heyətinin Əfqanıstanın Bonn və Münhendəki baş konsulluqlarının yerləşdiyi şəhərlərə getməsi gözlənilir. Almaniya Xarici İşlər Nazirliyi NDR-ə "Taliban" nümayəndə heyətinin ölkədə olduğunu təsdiqləyib. Teleşirkətin məlumatına görə, səfər əfqan vətəndaşlarının gələcək deportasiyası ilə bağlıdır.
Söhbət "Taliban" tərəfindən tanınan sənədlərin rəsmiləşdirilməsindən gedir. Almaniya XİN-in izahına görə, lazımi texniki şəraitin operativ şəkildə yaradılması üçün ölkəyə qısa müddətə "texniki dəstək qrupu" gəlib.
Ötən il "Taliban"ın iki konsulluq nümayəndəsi Almaniyaya gedib. NDR-in məlumatına görə, onlardan biri hazırda faktiki olaraq Əfqanıstanın Berlindəki səfirliyinə, digəri isə Bonndakı Baş Konsulluğuna rəhbərlik edir. Almaniya hökumətinin vurğuladığı kimi, onların vəzifəsi xaricdə yaşayan əfqanlara konsulluq xidmətləri göstərmək və koalisiya sazişində razılaşdırıldığı kimi, deportasiyaların həyata keçirilməsinə yardım etməkdir.
İyunun 21-də "Bild am Sonntag" qəzeti Almaniya Daxili İşlər Nazirliyinin "Taliban" nümayəndələri ilə gizli danışıqlar apardığını və Əfqanıstandan olan təhlükəli cinayətkarların Almaniyadan deportasiyasının genişləndirilməsi barədə razılığa gəldiyini yazıb. Məlumata görə, görüş "texniki işçi səviyyəsində" keçirilib.
Söhbət konkret olaraq Almaniyadan Kabilə çarter reyslərinin sayının artırılmasından gedib. Gələcəkdə ayda üç belə reysin həyata keçirilməsi planlaşdırılır. Qəzetin məlumatına görə, hazırda Almaniyada həbsxanalarda və ya müvəqqəti saxlama mərkəzlərində dövlət təhlükəsizliyinə təhdid, zorlama və narkotik vasitələrin qanunsuz dövriyyəsi də daxil olmaqla müxtəlif cinayətlərə görə məhkum edilmiş azı 100 əfqan saxlanılır.