“Taliban” yaraqlıları xarici diplomatların olduğu Mi-17 helikopterinin Pakistanda onların raketi ilə vurulduğunu bəyan ediblər.
Amma ölkənin ordu rəhbərliyi bəyan edib ki, helikopter texniki nasazlıq ucbatından qəzaya uğrayıb.
“Taliban”ın nümayəndəsi kimi çıxış edən Məhəmməd Horasani bildirib ki, helikopter raket ilə vurulub, pilot və xarici səfirlər həlak olub, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Əldə olan məlumata əsasən terror hücumunun əsas hədəfi Pakistanın baş naziri Navaz Şərif olub.
Eyni zamanda, Pakistan ordusunun idarələrarası mətbuat xidmətinin rəhbəri general Asim Bacva bəyan edib ki, helikopter qəzasının səbəbi ilkin məlumata görə texniki nasazlıqdır.
“Hadisənin səbəbi, ilkin informasiyaya müvafiq olaraq, üçüncü helikopterin enişi zamanı texniki nasazlıq olub. İki digər helikopter uğurla eniblər”, - öz Twitter səhifəsində yazıb.
Xatırladaq ki, bu gün - may ayının 8-də avia-qəza baş verib. Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri, eləcə də Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşları həlak olub.
İki pilot daxil olmaqla ümumilikdə altı nəfər həlak olub. Polşa və Niderlandın səfirləri xəsarət alıblar. Eləcə də Polşa diplomatının həyat yoldaşı xəsarət alıb.
Xarici nümayəndə heyəti üç helikopterdə ölkənin şimalına Gilgit-Baltistan regionuna uçurdu. KİV-in məlumatına əsasən nümayəndə heyətinin tərkibində 37 ölkənin təmsilçiləri olub.