ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası Gürcüstanda hakimiyyəti dəyişmək cəhdində iştirak edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin sədri Şalva Papuaşvili bildirib.
"Bayden administrasiyası ABŞ-Gürcüstan münasibətlərinə ziyan vurub. O, burada hökuməti dəyişməyə cəhd edib və Gürcüstan hakimiyyətinə qarşı təxribatçı fəaliyyətlərdə iştirak edib", - deyə Papuaşvili vurğulayıb.
Parlament sədri qeyd edib ki, Ağ Evin hazırkı rəhbəri Donald Tramp 2025-ci ilin yanvarında ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) maliyyələşdirməyi dayandırdıqdan sonra Avropadan Gürcüstanın qeyri-hökumət təşkilatlarına pul axını başlayıb.
"ABŞ USAID və ya digər kanallar vasitəsilə həyata keçirilən dezinformasiya, zorakı qrupların zərərli maliyyələşdirilməsini və ya digər ölkələrdə təbliğatı dayandırdıqdan sonra Avropa İttifaqının (Aİ) büdcəsi təbliğat, nifrət və zorakılığı təşviq etməyə başladı", - deyə o əlavə edib.
Xatırladaq ki, 2024-cü il noyabrın 30-da Dövlət Departamenti Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqları məsələsini gündəmdən çıxarmaq və Aİ-nin bütün qrantlarından imtina etmək qərarına gəldiyini elan etməsindən sonra ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını elan edib.