Prezident Petr Poroşenko qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna barədə nə düşündüyü onun üçün maraqlı deyil.
Oxu.Az xəbər verir ki, bu barədə o, “Time” nəşrinə verdiyi müsahibədə bildirib.
“Bəzi ukraynalılar öz qonşuları kimi İsveçrə, yaxud Kanadanı görmək istəyir, lakin bizim qonşumuz Rusiyadır. Ona görə də Rusiya ilə dialoq və qarşılıqlı anlaşma olmadan ölkənin təhlükəsizliyi barədə danışa bilmərik”, - Ukrayna prezidenti deyib.
Bununla yanaşı, onun sözlərinə görə əgər Rusiya tərəfdən Donesk və Luqansk əyalətlərində münaqişənin həlli üçün addım atılmazsa Ukrayna Putin üçün güzəştə getmək fikrində deyil.
“Düzü, vətəndaş Putinin mənim ölkəm haqda nə düşünməsi məni maraqlandırmır”, - Poroşenko qeyd edib.
Onun sözlərinə görə, əgər Ukraynanın mövcud sərhədləri daxilində mövcud olmaq haqqına sahib olmasına Rusiya şübhə edərsə, o zaman Putini bu haqqın mövcudluğuna inandırmağın ən yaxşı üsulu güclü ordu yaratmaq və iqtisadiyyatı inkişaf etdirməkdir.
“Heç kim Sinqapur kimi kiçik dövlətin mövcudluğuna şübhə ilə yanaşa bilməz. Çünki dövlət güclü, effektiv, komfortlu, monolit olduqda belə şübhələr ortaya çıxmır”, - Poroşenko deyib.