Ermənistanın Baş Prokurorluğu iş adamı və "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyan, eləcə də onunla əlaqəsi olan şəxslərdən 105,9 milyard dram (təxminən 290 milyon dollar) məbləğində vəsaitin, 75 daşınmaz əmlakın və digər aktivlərin müsadirə edilməsini tələb edir.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun idarə rəisi Koryun Serobyan məlumat verib.
"Qaqik Sarukyan və onunla əlaqədar şəxslərdən 75 daşınmaz əmlakın, o cümlədən Nor Nork rayonunda 52 mənzilin, Abovyan küçəsində (İrəvan - red.) 5 mənzilin və Kotayk vilayətində 11 mənzilin müsadirə olunması istənilir. Həmçinin 10 daşınmaz əmlakın və 42 nəqliyyat vasitəsinin bazar dəyərinin, "Multi Qrup" Konserni MMC, "Multi Avtotrans" MMC, "Onira" Klubu MMC də daxil olmaqla 38 hüquqi şəxsdəki payların müsadirəsi tələb edilir. Bununla yanaşı, 105,9 milyard dram məbləğində ayrıca pul tələbi də irəli sürülüb", - deyə o bildirib.
Qeyd edək ki, Qaqik Sarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. O, dələduzluğa kömək etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur. Siyasətçiyə qarşı həmçinin vəhşi heyvanların qanunsuz ovu ilə bağlı da iş açılıb. Hazırda Sarukyanla əlaqəli 70-ə yaxın şirkət möhürlənərək fəaliyyətini dayandırıb, işçilər isə qapanmış müəssisələrin işinin bərpası tələbi ilə demək olar ki, hər gün etiraz aksiyaları keçirirlər.