Novorossiysk yaxınlığında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan "Nadezhda" gəmisinin göyərtəsində olan 22 dənizçi Rusiya limanına təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 3-də Novorossiysk limanından Samsuna yola düşən "Ro-Ro" tipli "Nadezhda" gəmisi Novorossiysk sahillərindən təxminən 20 dəniz mili aralıda pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Məlumata görə, gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib. Gəmidə baş vermiş yanğının isə hələ də davam etdiyi bildirilir.
Nazirlik qeyd edib ki, ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.
İlkin məlumata görə, ekipaj üzvlərindən üçünün vəziyyəti ağır ola bilər. Həmçinin bildirilib ki, ərazidə pilotsuz uçuş aparatlarının yenidən hücum etməsi riski davam etdiyindən hazırda gəmidə xilasetmə əməliyyatı aparmaq mümkün deyil.
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən "Nadezhda" adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib.
Hadisə nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə dörd heyət üzvü yaralanıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət etdiyi və Türkiyə vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30 - red.) Novorossiyskdən 30 dəniz mili məsafədə vurulduğu bildirilir.
Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, hücum zamanı altı-yeddi drondan istifadə olunub. Şahin kömək gözlədiklərini və gəmidəki hər kəsin sağ olduğunu qeyd edib.
Hücumdan sonra baş verən yanğına gəmi heyəti müdaxilə edib. Ərazidə dronların aktivliyi səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinin kömək məqsədilə gəmiyə yaxınlaşmaqda çətinlik çəkdiyi bildirilir.