UFC-nin Şöhrət Zalının üzvü, yüngül çəki üzrə keçmiş çempion Həbib Nurməhəmmədov komandasındakı döyüşçülərin xarici dil öyrənməsi ilə bağlı zarafat edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Anatomy of a Fighter" "YouTube" kanalına müsahibəsində danışıb.
Keçmiş çempion komandasındakı döyüşçüləri, xüsusilə də məğlubiyyətsiz rusiyalı yüngül çəkili döyüşçü, 27 yaşlı Əmrü Maqomedovu zarafatla tənqid edib.
Həbib bildirib ki, idmançıları üçün bir il müddətində ingilis dili dərslərinin pulunu ödəyib, lakin nəticədə onlar cəmi bir neçə ifadə öyrənə biliblər.
"Bu oğlan və bu oğlan (Maqomedovu göstərərək - red.)... Mən onların birillik ingilis dili dərslərinin pulunu ödəmişəm. Bilirsiniz, onlar hansı üç ifadəni öyrəniblər? "Mən yaxşıyam, əlhəmdülillah, təşəkkür edirəm". Bir də "Mənə isti çay verə bilərsiniz?" - vəssalam!" - deyə Həbib zarafatla bildirib.