Oman İrana könüllü ödənişlər sisteminə əsaslanan, Hörmüz boğazı üzərində kollektiv nəzarəti təmin edəcək regional mexanizmin yaradılmasını təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi regiondakı mənbələrinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, region tərəfindən dəstəklənən bu təklif İranın strateji boğaz üzərindəki təkbaşına nəzarətini istisna edir.
Layihənin əsasında dəniz yolundan istifadə edən gəmilərin naviqasiya, ekoloji mühafizə və axtarış-xilasetmə əməliyyatlarını könüllü şəkildə maliyyələşdirdiyi Malakka boğazı təcrübəsi dayanır.
"Bloomberg" nəşri isə öz mənbələrinə əsaslanaraq yazıb ki, ötən həftəsonu Oman və İran arasında baş tutan danışıqlarda Hörmüz boğazının "orta dəhliz" adlandırılan hissəsinin yenidən açılması təklifi irəli sürülüb. Fevral ayının sonlarında hərbi əməliyyatlar başlayandan bəri, gəmilər, əsasən, orta dəhlizdən yan keçərək ya İran sahillərindəki şimal farvateri, ya da Omanın Musandam anklavı yaxınlığındakı cənub marşrutu ilə hərəkət edirlər.
"Bloomberg"in mənbələri bildirirlər ki, Oman tərəfi İranla razılaşmanın perspektivlərinə nikbin yanaşır və hələlik heç bir zəmanət olmasa da, yaxın günlərdə irəliləyişlər barədə açıqlama verməyə ümid edir.
Məlumata görə, Hörmüz boğazının taleyi ilə bağlı İran və Oman arasında uğurlu danışıqlar ABŞ və İran arasında atəşkəs müzakirələrinin bərpasına kömək edə bilər.
Hörmüz boğazından istifadə edən Qərb ölkələrinə məxsus gəmilərdən alınacaq ödənişin məbləği İran və Oman tərəfindən müəyyənləşdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a açıqlamasında bildirib.
"İran və Oman hazırda bu məsələ ətrafında danışıqlar aparırlar. İslam Respublikasının rəsmiləri və Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Hörmüz boğazının təhlükəsizliyi və oradan gəmilərin keçid rejimi ilə bağlı qərarları Omanla birgə qəbul edirik", - deyə diplomat vurğulayıb.
"Boğazdan keçid xidmətlərinin kompensasiyası və onun dəyəri müzakirələrimizin əsas mövzusudur. Gələcəkdə bu məsələlərlə bağlı müvafiq qərar veriləcək", - səfir əlavə edib.