Qətər rəhbərliyi paytaxt Dohada yerləşən Həməd Beynəlxalq Hava Limanı vasitəsilə xarici aviaşirkətlərin ölkəyə həyata keçirdiyi uçuşların mərhələli şəkildə bərpa olunacağını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə əmirliyin Mülki Aviasiya İdarəsinin dərc etdiyi rəsmi bəyanatda məlumat verilib.
Sənədə əsasən, sözügedən qərar bütün aidiyyəti qurumlarla əlaqəli şəkildə mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrinə əsasən qəbul edilib. Qurumdan vurğulanıb ki, həyata keçirilən tədbirlər aviasiya sektorunun fəaliyyətinin səmərəliliyini və ən yüksək səviyyədə hazırlığını təmin etmək məqsədi daşıyır. Aviasiya rəhbərliyi bütün reyslərin və əlaqədar əməliyyatların beynəlxalq təhlükəsizlik, mühafizə standartlarına uyğun şəkildə, həmçinin sərnişinlərin, işçi heyətin qorunması üçün zəruri ehtiyat tədbirləri tətbiq edilməklə icra olunacağına zəmanət verib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə, o cümlədən Qətərdə hava məkanı müvəqqəti bağlanıb.