Bakı şəhərinin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçılarının Qaradağ Rayon Polis İdarəsindən olan həmkarları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı Osman Abdullayevin qətlində şübhəli bilinən bütün şəxslər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edək ki, yanvarın 15-də Lökbatanda “Makarov” tapançası ilə əvvəllər məhkumluğu olan Xırdalan sakini Osman Abdullayev qətlə yetirilib.
Yanvarın 25-də əməliyyatçılar qətli törətməkdə şübhəli bilinən şəxslərdən biri – 24 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkumluğu olan Həsən Məşədiyevin izinə düşüb.
Polislər onu Abşeron rayonunun Hökməli qəsəbəsində aşkarlayıb. Keçirilən əməliyyat zamanı Məşədiyevlə polis əməkdaşları arasında atışma baş verib.
Şübhəli Abdullayevi qətlə yetirdiyi “Makarov” tapançası ilə müqavimət göstərib. Atışmanın gedişində əməliyyatçılar Məşədiyevi zərərsizləşdirib.
Bu arada, Abdullayevin Tatarıstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanvarın 15-də Səbail rayonunun Badamdar qəsəbəsinin kafelərinin birində gənclər arasında mübahisə düşüb. Daha sonra gənclər maşına minərək Qaradağ rayonunun Sahil qəsəbəsinə yollanıb.
Yolda mübahisə daha da gərginləşib və gənclər maşını yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlayıb. Məşədiyev odlu silahla Abdullayevin başına atəş açıb. Daha sonra qurbanın meyitini cinayət yerində tərk edərək, aradan çıxıb.
İstintaqın gedişində məlum olub ki, cinayətin digər iştirakçıları, 1993-cü il təvəllüdlü Emin Həmidov və Nicat Quliyev olub.
Quliyev hadisədən sonra Azərbaycanı tərk edib və İranda gizlənib. Ancaq polis onu İranda da yaxalaya bilib. Hər iki gəncin saxlanıldığı xəbər verilir.
Cinayət faktı ilə bağlı istintaq davam edir.
Ülvi Kərimov
www.oxu.az