Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qırğızıstan Tacikistanla sərhəd sazişini ratifikasiya edib
Qırğızıstan parlamenti qonşu Tacikistanla təxminən 23 ildir üzərində danışıqların aparıldığı sərhəd sazişini ratifikasiya edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, sənəd səs çoxluğu ilə təsdiqlənib. Sənədin lehinə 85, əleyhinə isə bir deputat səs verib.
Qeyd edək ki, saziş martın 13-də Bişkekdə Qırğızıstan dövlətinin başçısı Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən imzalanıb.
Japarov hesab edir ki, iki ölkə arasında sərhəd mübahisələrinin həlli bütün regionda təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək.
Rəhmonun fikrincə, sərhəd sazişinin imzalanması tarixi qərar idi, çünki bu, dövlətlərarası münasibətlərin hərtərəfli genişləndirilməsi üçün daha möhkəm zəmin yaradacaq.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km təşkil edir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edirdi. Bu məsələnin həllini tapmaması dəfələrlə iki dövlətin sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub. Bunlardan sonuncusu 2022-ci ilin payızında baş verib. Ümumilikdə 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində ondan çox ciddi münaqişə baş verib.
Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Tacikistan Qırğızıstanın hələ də bütün sərhəd məsələlərini həll edə bilmədiyi sonuncu qonşu dövlət idi.