Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ailəsi ilə əlaqəli olan 17 yaşayış yeri və təsərrüfat subyektində külli miqdarda vergidən yayınma ilə bağlı açılmış cinayət işi çərçivəsində eyni vaxtda axtarışlar həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
"Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İstintaq İdarəsi tərəfindən külli miqdarda vergiləri ödəməkdən boyunqaçırma faktları üzrə araşdırılan cinayət işləri çərçivəsində avqustun 25-də eyni vaxtda 17 kommersiya obyekti və mənzildə axtarışlar aparılıb. Nəticədə cinayət işi üçün əhəmiyyət kəsb edən əşya və sənədlər tapılaraq götürülüb. Təsərrüfat subyektlərinin ünvanları isə möhürlənib", - deyə komitədən bildirilib.
Qeyd olunur ki, iş üzrə təqsirləndirilən şəxslərə qarşı cinayət işi başlanılıb və onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edilib.
Ermənistanın prokurorluq orqanları ölkənin sabiq prezidenti (1998-2008-ci illər) Robert Koçaryanla əlaqəsi olan şirkət rəhbərləri barəsində cinayət işləri başladıb. Həmin şəxslər xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirləndirilirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
"Avqustun 25-də prokurorluq tərəfindən külli miqdarda vergilərdən yayınma faktına görə "Qritti" MMC-nin indiki direktoru İ.X., eyni şirkətin sabiq rəhbəri Q.M., "Play City" ticarət nişanı altında fəaliyyət göstərən "FAST CARD" MMC-nin direktoru A.A. və "KİNETİ" QSC-nin rəhbəri K.A. barəsində ictimai cinayət təqibi başlanılıb", - deyə prokurorluqdan bildirilib.
Xatırladaq ki, bu gün Ermənistan Prokurorluğunun Robert Koçaryana qarşı da cinayət icraatına başladığı məlum olub. Sabiq dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması əməllərində ittiham edilir. Ermənistanın keçmiş rəhbəri ilə bağlı istintaq tədbirləri çərçivəsində əlavə 9 nəfərə, o cümlədən onun böyük oğlu Sedrak Koçaryana və Koçaryanın hakimiyyəti dövründə müdafiə naziri vəzifəsini icra etmiş, sonradan isə prezident olmuş (2008-2018-ci illər) Serj Sarqsyana qarşı da cinayət işləri açılıb.