Roma Papası Fransiskə və ya Vatikanda hər hansı bir məntəqəyə qarşı mümkün terror təhlükəsinin qarşısını almaq üçün Müqəddəs Pyotr meydanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu qərar son günlərdə “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandırılan terrorçu qruplaşmanın fəaliyyətinin genişlənməsi ilə bağlıdır.
Ötən həftə İŞİD-in xristian aləmini hədəfə alması ilə bağlı məsələyə münasibət bildirən İtaliyanın daxili işlər naziri Angelino Alfano deyib:
“Ölkəmizə qarşı hər hansı terror təhlükəsinin olması ilə bağlı heç bir əsaslı dəlil yoxdur”.
İŞİD-in İtaliyaya qarşı hər hansı təhlükə yaratmayacağını vurğulayan İtaliyanın xarici işlər naziri Federika Mogherini isə qeyd edib: “İŞİD qlobal miqyasda bir təhlükədir. Məhz bu səbəbdən də bu qruplaşmaya qarşı beynəlxalq səviyyədə, koordinə edilmiş mübarizə aparmaq lazımdır”.