Rumıniya hərbçiləri ölkənin yeganə atom elektrik stansiyası olan Çernavoda AES-ə su axınını artırmaq məqsədilə Dunay çayının məcrasında yerləşən sualtı qayanı təxminən 180 kq partlayıcı maddə ilə partladıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Quraqlıq və çayda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən "Nuclearelectrica" şirkəti daha əvvəl stansiyanın iki reaktorundan birinin fəaliyyətini dayandırmışdı.
Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse bildirib ki, nəzarətli partlayış çayın məcrasını təmizləmək və suyu AES-i qidalandıran əsas kanala yönəltmək məqsədilə həyata keçirilib.
Çernavoda AES 1980-ci illərdə Kanadanın "Atomic Energy of Canada Limited" şirkəti tərəfindən layihələndirilib və 1996-cı ildə istismara verilib. Rumıniyanın yeganə atom elektrik stansiyası olan obyektin hər birinin gücü 700 MVt təşkil edən iki enerji bloku var. Stansiya ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 18 faizini təmin edir.
Bundan əvvəl "Jurnalul" qəzeti Rumıniya ərazisində Dunay çayında suyun səviyyəsinin son onilliklərin ən aşağı həddinə endiyini yazmışdı. Çayın dayazlaşması gəmiçiliyə də ciddi problemlər yaradıb.