Rumıniya parlamenti İlie Boloyanın rəhbərlik etdiyi hökumətə etimadsızlıq votumu verib. Mayın 5-də keçirilən plenar iclasda kabinetin istefası lehinə 281 deputat və senator səs verib.
Oxu.Az TVR-ə istinadən xəbər verir ki, etimadsızlıq təşəbbüsü Sosial Demokrat Partiyası (PSD), Rumınların Birləşməsi Uğrunda Alyans (AUR) və "Sülh - Rumıniya hər şeydən üstündür" partiyası tərəfindən irəli sürülüb. Qətnamə "Bolojan Planı"nın dayandırılması tələbi ilə hazırlanıb və hökumət iqtisadiyyatı məhv etməkdə ittiham olunub.
İlie Bolojan ittihamları rədd edərək, büdcə kəsirinin azaldılması üçün sərt iqtisadi tədbirlərin qaçılmaz olduğunu bildirib. "Bloomberg" qeyd edir ki, bu hökumət böhranı növbədənkənar seçki ehtimalını artırır.
Rumıniya Konstitusiyasına əsasən, hökumət yeni kabinet formalaşana qədər 45 gün ərzində məhdud səlahiyyətlərlə fəaliyyətini davam etdirəcək.
Rumıniya qanunverici orqanında keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq Baş nazir İlie Boloyanın rəhbərlik etdiyi hökumət buraxılıb.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatı "Reuters" agentliyi yayıb.
Nəşrdə qeyd olunur ki, Boloyan aprel ayının sonundan etibarən azlıq hökumətinə rəhbərlik edirdi. Həmin dövrdən parlamentdə çoxluğa malik olan Sosial Demokratlar Partiyası onun istefasını tələb etmiş, daha sonra dörd partiyadan ibarət Avropayönümlü ittifaqı tərk edərək etimadsızlıq səsverməsinin keçirilməsi məqsədilə radikal sağçı müxalifət qüvvələri ilə koalisiya yaratmışdı.
Material müəllifləri bildiriblər ki, Sosial Demokratlar Boloyanla bir neçə dəfə ziddiyyət yaşayıblar. Buna səbəb kimi baş nazirin həyata keçirdiyi sərt iqtisadi addımların partiyanın elektoratına və tərəfdarlarına mənfi təsir göstərməsi, ictimai dəstəyin isə ifrat sağçı qüvvələrə yönəlməsi göstərilir.
Mərkəzçi xətti dəstəkləyən Prezident Nikuşor Danın siyasi partiyaları müzakirələrə dəvət etməsi və fərqli baş nazir namizədinin rəhbərliyi ilə dörd partiyadan ibarət yeni Avropayönümlü ittifaq formalaşdırmağa cəhd edəcəyi proqnozlaşdırılır.