Sinay yarımadasında qəzaya uğramış təyyarə tamamilə parçalanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Reuters yayıb.
Agentliyin hadisə yerindəki təhlükəsizlik qüvvələrinə istinadən verdiyi məlumata görə, böyük ehtimalla təyyarədəkilərin hamısı ölüb.
12:26
Rusiyanın qəzaya uğramış mülki təyyarəsinin qalıqları şənbə günü Misirin Sinay yarımadasının mərkəzində tapılıb, “Youm7” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Misirin təhlükəsizlik qüvvələri qəza yerini mühasirəyə alıblar. Hadisə zamanı xəsarət alanları təxliyyə etmək üçün Əl-Ariş şəhərindən Sinayın şimalına iyirmiyə yaxın təcili yardım maşını göndərilib.
11:52
Misirin Sinay yarımadasının mərkəzi hissəsində mülki təyyarə qəzaya uğrayıb.
Sky News Arabia telekanalının məlumatına əsasən, söhbət 200-ə yaxın sərnişinin uçduğu Rusiya təyyarəsindən gedir.
Qeyd olunur ki, təyyarə sərnişinlərinin əksəriyyəti Rusiya vətəndaşları olub. Misir rəhbərliyi laynerin axtarışını aparır.
Rusiya aviasiyasını təmsil edən mənbə RİA Novosti-yə bildirib ki, “Koqalımavia” şirkətinə (hazırda MetroJet adlanır) məxsus Airbus havaya qalxdıqdan 23 dəqiqə sonra Larnaki rayonunda radarlardan itib.
Reuters-in məlumatına görə, laynerdə 212 sərnişin olub, onların əksəriyyəti rusiyalı turistlər olub. Agentliyin Misirin hüquq-mühafizə orqanlarındakı mənbəyi təyyarənin itkin düşdüyünü bildirib.