Rusiya İrana yüngül çoxməqsədli idarə olunan raketlər (LMUR) üçün 90 ədəd buraxılış qurğusu tədarük etməyə razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşrinin Rusiyanın müdafiə müəssisəsinin istehsalat sənədlərinə istinadən yaydığı məlumatda bildirilir.
Məlumata görə, söhbət helikopterlərdə quraşdırılan 90 ədəd APU-L və APU-305 buraxılış qurğularından gedir.
Həmin sistemlər əsasən "İzdeliye 305" kimi də tanınan, Rusiya istehsalı olan LMUR yüngül çoxməqsədli idarə olunan raketlərin buraxılması üçün nəzərdə tutulub.
Jurnalistlər Rusiyanın aparıcı müdafiə sənayesi müəssisələrindən birinin 2024 və 2025-ci illər üçün istehsal qrafikləri ilə tanış olublar. Sənədlərdə "K-10" kod adı altında olan alıcı üçün bu qurğuların ixrac sifarişi qeyd edilib.
Nəşrin araşdırmasına görə, bu kod altında sənədlərdə İran nəzərdə tutulur. Bununla belə, sənədlər sifariş edilmiş silahların son nəticədə Tehrana çatdırıldığını təsdiqləmir.
Həmçinin, Rusiyanın oxşar buraxılış qurğularını Çinə də ixrac etməyi planlaşdırdığı bildirilir.
Nəşr daha əvvəl məlumat vermişdi ki, Rusiya İrana səsdən sürətli qanadlı raketlərin inkişafında kömək edib və ona "Verba" daşınan zenit-raket kompleksləri satıb.
2023-cü ildə Tehran Rusiyanın Mi-28 hücum helikopterlərinin alınması barədə razılaşma nəticəsində iki ədəd Yak-130 təlim-döyüş təyyarəsi əldə edib.