Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Samir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Məhkəmə zərərçəkmiş tərəfin şikayətinin olmadığını, təqsirləndirilən şəxsin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu və qarşıdan Zəfər Gününün gəldiyini nəzərə alaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Onun cəzası 2 il sınaq müddəti müəyyən edilməklə, şərti hesab olunub.
Təqsirləndirilən Samir Hacıyev məhkəmə zalından azadlığa buraxılıb.
Hadisə bu il Nizami rayonunda baş verib. Təqsirləndirilən Samir Hacıyevlə qonşusu Rəşad Quliyev arasında mübahisə yaranıb. Həmin zaman Samir Hacıyev Rəşad Quliyevi bıçaqlayıb.
Samir Hacıyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.