Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin Alyoşki şəhəri ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov məlumat verib.
Bildirilib ki, insanların təhlükəsizliyini təmin etmək və sosial əhəmiyyətli yükləri çatdırmaq məqsədilə mühəndis kəşfiyyatı aparılacaq, həmçinin humanitar karvanın Xerson vilayətinin Alyoşki yaşayış məntəqəsinə təhlükəsiz hərəkəti təmin ediləcək.
Qeyd edək ki, cəbhə xəttində yerləşən şəhərin sakinləri təmiz su, ərzaq və dərman çatışmazlığı ilə üzləşiblər. Son məlumatlara görə, şəhərdə təxminən 2 000 nəfər yaşayır. Onların əksəriyyəti yaşlı insanlardır.
ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna Xerson vilayətinin Alyoşki şəhərində lokal atəşkəs barədə razılığa gəliblər. Bu müvəqqəti sülh rejimi oktyabrın 29-dan etibarən qüvvəyə minəcək.
Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumat Ağ Evin veb-saytında dərc olunub.
Bildirilir ki, hər iki dövlət Alyoşkidə bütün hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılıq verib. Əsas məqsəd humanitar yardımların çatdırılmasını təmin etmək və xüsusi dəhliz vasitəsilə dinc əhalinin təxliyəsinə hazırlıq görməkdir.
Ağ Evdən verilən açıqlamada vurğulanıb ki, Melaniya Tramp və onun nümayəndəsi lokal atəşkəsin şərtlərini müəyyənləşdirmək üçün birbaşa Rusiya və Ukrayna rəhbərliyi ilə danışıqlar aparıblar.
"Hər iki ölkənin mülki rəhbərləri sakinlərə hansı köməyin lazım olduğunu müəyyən etmək üçün Alyoşkidə onların evlərinə birgə baş çəkəcəklər. Təxliyə olunmaq istəyən vətəndaşlara tələb olunan dəstək göstəriləcək və onların seçdikləri təyinat nöqtəsinə getmələri üçün nəqliyyat vasitəsi ayrılacaq", - deyə ABŞ-nin birinci xanımı bəyan edib.