Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Rusiyada 6.4 ballıq zəlzələ oldu](https://images.oxu.az/2025/02/15/gmcLoI2hjWrLMGk1c3sZydsehLdThV4FADPRTVMo:1200.jpg)
Rusiyada 6.4 ballıq zəlzələ oldu
Altay Respublikasında 6.4 maqnitudalı zəlzələ baş verib. Təkanlar Altay diyarı və Tıva Respublikasında hiss edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarələri məlumat verib.
"Rusiya Elmlər Akademiyası Vahid Geofiziki Xidməti Altay-Sayan filialının (seysmik stansiya) məlumatına görə, Altay Respublikası ərazisində 6.4 bal gücündə seysmik hadisə qeydə alınıb", - Rusiya FHN-in Altay diyarı üzrə Baş İdarəsinin Mətbuat Xidməti bildirib.
Dəqiqləşdirilir ki, bütün Altay diyarı ərazisində təkanların intensivliyi 3 balı keçməyib. Mətbuat Xidmətindən bildirilib ki, seysmik hadisə 29 bələdiyyə qurumunun ərazisində, əsasən, diyarın şərq hissəsində: Zarinsk, Biysk, Belokurixa zonalarında və Barnaul şəhərində hiss edilib.
FHN-in Tuva Respublikası üzrə Baş İdarəsi bildirib ki, təkanlar regionun bəzi rayonlarında hiss edilib.
"Monqun-Tayqa, Barun-Xemçik, Ovyur və Bay-Tayqa rayonlarında, Ak-Dovurak şəhərində zəif təkanlar hiss edilib. Sosial əhəmiyyətli obyektlərin yoxlanılması üçün əməliyyat qrupları göndərilib", - qurumun məlumatında deyilir.
Xilasedicilər zəlzələnin nəticələrini yoxlamaq üçün Altay Respublikasının Koş-Aqaç rayonuna yollanıblar. Xakasiyada da təkanlar hiss edilib, lakin yerli FHN idarəsinin təsdiqlədiyi kimi, onların maqnitudası 2 balı keçməyib. Kemerovo vilayətinin Novokuznetsk şəhər meriyasının məlumatına görə, şəhərdə də yeraltı təkanlar hiss edilib. Regionun kömür sənayesi nazirliyinin məlumatına görə, kömür şaxtaları normal rejimdə işləməyə davam edir.
Daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi təxminən 8 min nəfərin yaşadığı Altay Respublikasının Koş-Aqaç kəndindən 27 km cənub-qərbdə 5.7 maqnitudalı zəlzələnin baş verdiyi barədə məlumat vermişdi. Ocaq 5 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.