Rusiyanın Moskva vilayətində yerləşən Krasnozavodsk kimya zavodunda bir neçə güclü partlayış baş verib, şəhər üzərində qatı tüstü dumanı qalxıb.
Oxu.Az SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər həlak olub.
Şahidlərin sözlərinə görə, ən azı üç partlayış səsi eşidilib. Məlumata görə, həlak olan şəxslər tamamilə uçub dağılan sexdə olublar. Müəssisənin ərazisində yanğın davam edir, xilasedicilər alovu lokallaşdırmağa çalışırlar, işçilər isə təxliyə olunurlar.
Partlayış anında zavodda 40-dan çox insan olub. Yerli sakinlər güclü zərbələrdən yaşayış binalarının silkələndiyini bildiriblər. Səlahiyyətli qurumlar tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Krasnozavodsk kimya zavodu "Rostex" dövlət korporasiyasının tərkibinə daxildir və şəhərin əsas müəssisəsi sayılır. Zavod Rusiya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər güc strukturlarının dövlət sifarişi ilə siqnal və işıqlandırma vasitələri, uçuş aparatlarının müdafiə vasitələri, patronlar və pirotexnika istehsal edir.
Ukrayna PUA-ları müəssisəyə ən azı iki dəfə - 2025-ci il yanvarın 24-də və iyulun 7-də hücum ediblər.