Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin rəisi Damir Davıdov həlak olub.
Oxu.Az bildirir ki, bu barədə konkret mənbə göstərmədən "VÇK-OGPU" "Telegram" kanalı xəbər yayıb.
Rəsmi olaraq bu məlumat təsdiqlənməyib.
Ukraynanın "Mirotvorets" saytının məlumatına görə, Davıdov Balaşixada Kojedub küçəsində yaşayıb. Həmin küçə maşının partladığı Koldunov küçəsi ilə kəsişir.
Balaşixadakı partlayış iyunun 9-da səhər saat 05:30-da (Bakı vaxtı ilə 06:30 - red.) sürücü maşına əyləşib hərəkətə başladığı zaman baş verib.
"Kommersant" qəzeti mənbələrə istinadən xəbər verib ki, avtomobilin alt hissəsində 500 qrama qədər trotil ekvivalentində gücü olan partlayıcı qurğu işə düşüb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi qaldırıb.

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 9-u səhər saat 5:30-da hərəkətdə olan "BMW X3" markalı nəqliyyat vasitəsində partlayıcı qurğu işə düşüb.
İnsident nəticəsində çoxsaylı bədən xəsarətləri alan sürücü hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd olunub ki, hazırda kriminalistlər və müstəntiqlər əməliyyat xidmətləri ilə birgə hadisə yerinə baxış həyata keçirirlər.
Yaxın zamanda tibbi və partlayış-texniki araşdırmalar da daxil olmaqla, lazımi məhkəmə ekspertizalarının təyin olunacağı vurğulanıb.
Qeyd edək ki, 2025-ci ilin aprelində eyni ərazidə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, 59 yaşlı general-leytenant Yaroslav Moskalik partlayış nəticəsində həlak olub. İqnat Kuzin qətldə təqsirkar bilinib. Məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.