Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.
Uzun illər sonra Fransa Prezidenti Emmanuel Makron ictimaiyyət qarşısında dövlətin xlordekon qalmaqalında məsuliyyət daşıdığını etiraf edib. 2022-ci ildə Paris məhkəməsi də dövlətin bu məsələdə məsuliyyət daşıdığını rəsmi şəkildə təsdiqləyib. Lakin beynəlxalq arenada sülh və ədalət tərəfdarı kimi çıxış edən Fransa hökumətində minlərlə insanın zəhərlənməsinə səbəb olan bu hadisəyə görə nə hər hansı dövlət qurumu, nə də məsul şəxslər hüquqi məsuliyyətə cəlb olunub.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Baku TV-yə bildirib ki, 2024-cü ildən etibarən bu məsələ müxtəlif beynəlxalq platformalarda gündəmə gətirilib:
"Bu mövzu ilə bağlı xüsusi broşürlər nəşr olundu, COP29 ərəfəsində iki beynəlxalq konfrans keçirildi. Daha sonra beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb edə bildik və nəticədə, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti institutları müəyyən reaksiyalar göstərməyə başladı. Artıq deyə bilərik ki, uğurlu fəaliyyətimizin nəticəsi olaraq Fransa parlamenti yeni qanun qəbul edib. Hesab edirəm ki, bu kimi uğurlar təkcə Fransa parlamentində deyil, digər beynəlxalq təşkilatların da gündəliyində müəyyən dəyişikliklərə səbəb olacaq və müstəmləkəçiliyin sonunu sürətləndirən təşəbbüslərin daha geniş yayılmasına təkan verəcək".
2025-ci ildə Fransa məhkəməsi ilk dəfə olaraq çox məhdud sayda zərərçəkənə kompensasiya ödənilməsi barədə qərar qəbul edib və rəsmi Paris bununla məsələni bağlanmış hesab edib. Lakin beynəlxalq ictimaiyyət üçün bu addım kifayət etmir. Fransa özünü müasir demokratik dəyərlərin beşiyi kimi təqdim etsə də, qanunsuz əməlləri bunun əksini nümayiş etdirir.