"Mən qələbə qazanan komandaya gəlməmişəm".
Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən Azərbaycan - Lixtenşteyn oyunundan sonra mətbuat konfransında milli komandamızın baş məşqçisi Ayxan Abbasov deyib.
Baş məşqçi bildirib ki, hazırkı nəticələrə görə məsuliyyətdən yayınmaq niyyətində deyil:
"Lakin mən komandaya gələndə İslandiya bizə gəzə-gəzə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərində 0:3 hesablı məğlubiyyətlər olurdu. Ən böyükhesablı məğlubiyyətimiz Fransa ilə oyundadır. Komandada əzmkarlıq artıb, yeni futbolçular üzə çıxır. Amma bunlar da hələ kifayət etmir. Hücumçu ilə bağlı problemimiz varsa, deməli, çatışmazlıqlarımız var. Bunun üçün zaman lazımdır.
Mən olsam da, başqası olsa da, qısa müddətdə çox şey dəyişməyəcək. Əsas məsələ odur ki, millidə istək var, futbolçular təslim olmurlar. Bir neçə oyundur məğlub olmuruq, amma qalib də gələ bilmirik. Ən böyük problemimiz budur".
A.Abbasov millidəki təzyiqin klub futbolundan fərqli olduğunu da vurğulayıb:
"Mən gələndən sonra millidə yanaşmada çox fərq görürəm. Klubda konkret azarkeş kütləniz olur. Bura isə klub deyil. Ölkənin bir nömrəli komandasıyıq və üzərimizdə böyük təzyiq var. Biz də buna öyrəşirik və bu məsuliyyətin öhdəsindən gəlməliyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələcəyik".
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan və Lixtenşteyn milli komandaları arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.