Rusiyanın Sverdlovsk vilayətində baş vermiş qasırğada 16 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Regionda təhlükəli hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Saat 06:00-a (Bakı vaxtı ilə 05:00) olan məlumata görə, 16 nəfər tibbi yardım üçün müraciət edib", - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Məlumata əsasən, 32 fərdi yaşayış evi tamamilə dağılıb. Ərazidə 50 nəfər üçün nəzərdə tutulmuş müvəqqəti yerləşdirmə məntəqəsi qurulub. Bundan əlavə, 99 yaşayış evinin, 25 avtomobilin və 15 elektrik xəttinin zədələndiyi qeyd olunur.
Xatırladaq ki, 22 iyun 2026-cı il tarixində Sverdlovsk vilayətində tornado baş verib. Təbii fəlakət Nijni Tagil - Kuşva trayektoriyası üzrə hərəkət edib. Tornado özündən sonra dağıdıcı fəsadlar qoyub: elektrik xətləri qırılıb, ağaclar aşıb. Minlərlə insan işıqsız qalıb.
Həmçinin, tornadonun Kuşva şəhərinin infrastrukturuna ziyan vurduğu da bildirilirdi.
Sverdlovsk vilayətinin Kuşva şəhərində baş verən güclü küləkdən sonra yerli hakimiyyət orqanları tərəfindən fövqəladə hal elan edilib.