"Rusiyanın hücumu nəticəsində Kiyevdə xəsarət alanların sayı 20 nəfəri ötüb, iki nəfər ölüb".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna daxili işlər naziri İqor Klimenko "Telegram" kanalaında yazıb.
Onun sözlərinə görə, həlak olanlar iki aylıq uşaq və qadındır.
Nazir vurğulayıb ki, hücum zamanı Kiyevdə dörd hündürmərtəbəli yaşayış binasına ziyan dəyib:
"Çox güman ki, dağıntılar altında hələ də insanlar var. Hökumət binasındakı yanğın lokallaşdırılıb, xilasedicilər onu söndürməyə davam edirlər".
Ukraynanın Kiyev şəhərində və Kiyev vilayətində partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Peçersk rayonunda hökumət binasında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması nəticəsində yanğın olub.
Qruşevski küçəsində yerləşən hökumətin əsas binasının üzərində qatı tüstü qalxıb. Deputat Yaroslav Jeleznyak bildirib ki, baş nazirin kabineti və hökumətin iclas zalı həmin binanın sonuncu mərtəbəsində yerləşir.
Merin açıqlamasına görə, Rusiyanın hava hücumu nəticəsində paytaxtda ümumilikdə 3 nəfər həlak olub. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə 15 nəfərin xəsarət aldığını bildirib.