Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəisi vəzifəsinə təyin olunacaq.
Oxu.Az "RBC-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfirlərlə keçirilən müşavirə zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, Rustem Umerov bundan sonra da həm bu fəaliyyəti (pilotsuz aparatlarla bağlı razılaşmalar - red.), həm də təkcə Yaxın Şərqlə məhdudlaşmayan məsələləri koordinasiya edəcək.
O, həmçinin Umerovun Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə rəhbər gətirilməsi ilə bağlı məlumatı rəsmən təsdiqləyib.
"Onun eyni vaxtda həm diplomatiya, həm müdafiə məsələləri, həm ABŞ və digər müəyyən tərəfdaşlarla danışıqlar prosesi, həm də müharibənin başa çatması üzrə danışıqlarla məşğul olmaq üçün daha geniş imkanlarının olması məqsədilə Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin ediləcək", - deyə prezident qeyd edib.
Həmçinin prezident əlavə edib ki, bu həftə vilayətlər və icmalar üçün dayanıqlığın təmin edilməsi planlarının necə icra olunduğunu qiymətləndirmək məqsədilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının xüsusi iclası keçiriləcək. Dövlət başçısının sözlərinə görə, planlar yerinə yetirilməyəcəyi təqdirdə buna görə məsuliyyət daşınacaq.
"Bu təhlilin nəticələrinə əsasən dövlətimizin xarici əlaqələr sahəsindəki vəzifələrini müəyyənləşdirəcəyik. İqor Klimenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi olacaq. Onun həm təhlükəsizlik sahəsində fəaliyyətin koordinasiyası, həm də ötən qış dayanıqlığımızın təmin edilməsi və insanlarımıza yardım göstərilməsi istiqamətində çox dəyərli təcrübəsi var. Biz güclənməliyik. Bu səbəbdən Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözügedən məsələ üzrə Ukrayna hökuməti ilə işə daha fəal şəkildə cəlb ediləcək", - deyə Zelenski bildirib.