Güclü Ermənistan Partiyasından ölkənin baş naziri postuna sahibkar Samvel Karapetyanın namizədliyi irəli sürülüb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yeni yaradılan siyasi təşkilatın təqdimatı zamanı bildirilib.
Dünən Karapetyan yekdilliklə partiyanın lideri seçilib.
Qeyd edək ki, erməniəsilli rusiyalı sahibkar 2025-ci ilin iyununda saxlanılıb. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub. İş adamı isə günahını inkar edir. İrəvan məhkəməsi ona ikiaylıq həbs cəzası verib, lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb.
Onun cəzası 2026-cı il yanvarın 18-də ölkəni tərk etməmək barədə yazılı iltizam və girov müqabilində ev dustaqlığına dəyişdirilib. Bundan əlavə, ölkə hakimiyyəti Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi təşəbbüsünü irəli sürüb.
Həbs olunduqdan sonra Karapetyan erməni xalqının aktual problemlərini həll edəcək prinsipial bir siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb.
Xatırladaq ki, 2026-cı ilin yayında Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsi planlaşdırılır.