İrəvanda məhkəmənin qərarı ilə Güclü Ermənistan Partiyasının (GEP) lideri Samvel Karapetyan barəsində yenidən biraylıq həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Armen Feroyan açıqlama verib.
Qeyd edək ki, noyabrın 4-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları 65 ünvanda, o cümlədən ev dustaqlığında olan Samvel Karapetyanın və onun qardaşı oğlu, GEP-in parlament fraksiyasının rəhbəri Narek Karapetyanın yaşayış yerlərində axtarışlar aparıblar. Axtarış tədbirlərindən sonra Milli Təhlükəsizlik Xidmətinin işçiləri Samvel Karapetyanı evindən aparıblar.
Daha sonra Ermənistanın İstintaq Komitəsi bəyanat yayaraq, Karapetyan və onunla əlaqəli şəxslərin əməlləri nəticəsində "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64.5 milyard dram (təxminən 177 milyon dollar) ziyan dəydiyini iddia edib.
İstintaqın məlumatına əsasən, Karapetyan və 2016-2024-cü illər ərzində onun göstərişləri ilə hərəkət edən şəxslər özəl sektorda vəzifə səlahiyyətlərini aşmaqda, əmlakı mənimsəməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilirlər.
Xatırladaq ki, Samvel Karapetyan 2025-ci ilin dekabrından ev dustaqlığında idi. O, hələ 2025-ci ilin iyun ayında, hökumət və kilsə arasındakı gərginlik fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra həbs edilmişdi. Karapetyan özü ittihamları qəbul etməyərək, hakimiyyətin addımlarını siyasi təzyiq kimi qiymətləndirib. Onun bu açıqlamasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə din xadimləri və xeyriyyəçilər barəsində kəskin fikirlər paylaşıb ki, bu da cəmiyyətdə böyük səs-küyə səbəb olub. Karapetyan, həmçinin "hakimiyyət və ya xidməti səlahiyyətlərindən, yaxud onların yaratdığı nüfuzdan istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması"nda (Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri) günahlandırılır.